+99412 449 99 59

Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası öz işinə başlayıb

27 iyun 2016-cı il tarixində Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası öz işinə başlayıb. İclasdan öncə iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftolmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib.

İclasda çıxış edən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının sədri  Ramiz Həsənov ölkəmizdə beynəlxalq və regional tədbirlərin keçirilməsinin artıq ənənə xarakteri aldığını bildirib. MDB ölkələrinin standartlaşdırma üzrə milli qurumlarının rəhbər şəxslərinin təmsil olunduğu iclasda komitə sədri qeyd edib ki, son illər Azərbaycanda ölkə rəhbərliyinin xüsusi diqqəti və qayğısı nəticəsində keyfiyyət infrastrukturunun tərkib hissələri olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə olunması sahələrində əsaslı nailiyyətlər əldə olunub, qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracqabiliyyətli məhsulların istehsal həcminin artırılması məqsədilə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı ardıcıl islahatlar aparılmaqdadır. Ramiz Həsənovun sözlərinə görə, ötən il texniki tənzimləmə və standartlaşdırma sisteminin müasir  hüquqi bazasının yaradılması çərçivəsində “Texniki tənzimləmə haqqında” və “Standartlaşdırma haqqında” Qanun layihələri beynəlxalq təcrübə nəzərə alınaraq təkmilləşdirilib və Hökumətə təqdim edilib. Komitə sədri Azərbaycanın iqtisadi inkişaf dayanıqlığına və ölkənin dünya bazarlarına çıxışına köməklik etmək məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı Tvinninq layihəsinin uğurla bitdiyini, hazırda isə “Metrologiya sisteminin müasirləşdirilməsi və inkişafına dəstək” adlı yeni layihənin icra olunduğunu qeyd edib. Ötən il Azərbaycanda “Neft texnologiyası – qaz hasilatı və neft emalı məhsulları” və “Alternativ və bərpa olunan enerji və enerjieffektivlik” sahələrinin standartlaşdırılması üzrə Texniki Komitələr (TK) yaradılıb, hazırda “Nəqliyyat üzrə” yeni TK-nın yaradılması üzərində işlər aparılır. Hazırda milli standartlar fondunda 917 standart mövcuddur ki, bunlardan 40 faizi beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılıb.

Ramiz Həsənov Azərbaycanın etalon bazasının daha da genişləndirilməsi və müasir tələblərə cavab verilməsi məqsədi ilə tikilmiş yeni laboratoriya binasının istifadəyə verildiyini, 20-dən çox yeni etalon laboratoriyasının qurulması istiqamətində işlərin sürətləndirildiyini qeyd edib. Həmçinin o bildirib ki, ölkəmiz ötən ildən etibarən Ölçülər və Çəkilər üzrə Baş Konfransa və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata üzv olub. Bununla da Azərbaycanda aparılan ölçmələrin dünyada tanınması istiqamətində ilk mərhələ icra olunub.

Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətinin beynəlxalq tələblərə uyğun təşkili məqsədilə komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Beynəlxalq Akkreditasiya Forumu və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq təşkilatına tam hüquqlu üzvlüyü ilə bağlı işlərin sürətləndirildiyi bildirilib.

 İclasda çıxış edən Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının məsul katibi, Dövlətlərarası Şuranın Standartlaşdırma Bürosunun direktoru Nikolay Soneç, Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyinin rəhbəri Aleksey Abramov, Belarus Respublikası Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Viktor Nazarenko, Ukrayna Respublikası Milli Akkreditasiya Agentliyinin sədri Viktor Qoritskiy, Qırğızıstan Respublikasının Akkreditasiya Mərkəzinin direktoru Janıbek Çapayev, Qazaxıstan Respublikasının Texniki Tənzimləmə və Metrologiya Komitəsinin sədri Birjan Koneşev, Moldova Respublikasının Milli Akkreditasiya Mərkəzinin direktoru Eujeniya Spoyale, Polşa Respublikasının Standartlaşdırma Komitəsinin vitse-prezidenti Jolanta Kochanska və digərləri çıxış edərək bir daha Azərbaycanda olmaqdan məmnunluq ifadə ediblər. Onlar son dövrlərdə ölkəmizin uğurları, keyfiyyət infrastrukturu sahələri üzrə əldə olunan nailiyyətlərdən yaxından tanış olduqlarını qeyd ediblər.

Sonra iclas gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam etdirilib.  Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, MDB-nin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planı, ticarətdə texniki maneələr barədə qarşılıqlı anlaşma saziş layihəsi, dövlətlərarası standartların tətbiqi və yayılması, 2016-2018-ci illərdə müasir tələblərə cavab verən etalonların tətbiqi, milli etalonların məlumat bazasının formalaşdırılması, uyğunluğu qiymətləndirən qurumların akkreditasiyasının qarşılıqlı tanınması və s. məsələlər üzrə müzakirələr aparılıb.

Sonda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxsləri tərəfindən iclasın Protokolu imzalanıb.

Xəbərlər

bütün xəbərlər
  • 2017-05-31 / Bakıda Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının rəhbər şəxslərinin 51-ci iclası keçirilirDAVAMINI OXU
  • 2017-05-10 / Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdirDAVAMINI OXU
  • 2017-02-28 / Bakıda “Avropa İttifaqının Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutlarına dair qabaqcıl təcrübəsi” mövzusunda TAIEX seminarı keçirilirDAVAMINI OXU